|
Azərbaycan xalqının çoxəsrli və zəngin tarixinini bu tarixin özü gədər
gədim və zəngin olan poeziyasız təsəvvür etmək mümkün deyil.Bu əzəmətli
poeziyanın əsas ideya–bədii istigamətini əsrlərdən
əsrlərə,nəsillərdən-nəsillərə verilən və müəyyən bir hissəsi bizim
dövrümüzədək gəlib çatan ecazkar xalq mahnıları, nağıl və
dastanlar,əmək,mövsüm,mərasim nəğmələri,bayatılar və başqa şifahi
ədəbiyyat nümunələrindən gələn mövzu,süjet,dil və üslub xüsusiyyətləri
təşkil edir.
Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövrünə dair ilk
tədqiqatlar XX əsrin əvvəllərində aid olsa da, bu işin ardıcıl və
sistemli şəkildə aparılması yalnız Böyük Oktyabr sosialist inqilabından
sonra başlanmışdır. Azərbaycanda Sovet hakimiyəti qurulmasının ilk
illərindən etibarən klassiklərimizin həyat və yaradıcılığına dair
materialların toplanmasına başlanmış və bu iş indi də davam etməkdədir.
Bununla belə, təəssüflə qeyd edilməlidir ki, bu dövrdə yaranmış ədəbi
əsərlərin xeyli hissəsi müxtəlif səbəblər üzündən tarixin
keşməkeşlərində itib-batmış,dövrümüzədək gəlib çatmamışdır. Ən çox
sevilən və buna görə də xalq içərisində geniş yayılan əsərlər
nüsxələrinin çoxluğu sayəsində saxlanılsa da, bir çox istedadlı
şairlərin yaradıcılığından qisa parçalara və ayrı-ayrı şerlərə ancaq
cünglərdə və təzkirələrdə rast gəlmək olur. Bütün bunlar klassik
ədəbiyyatımızın mükəmməl və sistemli tədqiqini,ayrı-ayrı gedən ədəbi
prosesləri,onların qarşılıqlı və ziddiyyətli cəhətlərini və s. öyrənməyə
mane olur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, son otuz il ərzində
bu sahədə xeyli işlər görülmüş, bir sıra ciddi monoqrafiyalar
yazılmışdır ki, bunlar Azərbaycan ədəbiyyatının müxtılif dövrlərini daha
dərindən işıqlandırmağa və ümumi mənzərəsini müəyyənləşdırməyə imkan
vermişdir. Lakin ədəbi prosesin ümumi inkişafını, ədəbi ənələrin
ardıcıllığını müəyyənləşdirmək, ədəbiyyatda ideya və estetik prinsiplər
mübarizəsini hərtərəfli işıqlandırmaq və onun obrazlı sistemini yaratmaq
üçün Azərbaycan ədəbiyyatşunasları hələ bundan sonra da xeyli tədqiqat
işləri aparmalıdılar.
XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı çətin və mürəkkəb bir
ictimai-iqtisadi şəraitdə inkişaf etmişdir. XIII əsrin əvvəllərində
başlayan ağır monqol əsarəti bir müddət ədəbiyyat, incəsənət və elmin
inkişafını ləngitdi.Lakin işğalçılar da tarixi zərurətlə hesablaşmaya
bilməzdilər.Yerli əhali ilə müqayisidə maddi və mənəvə inkişaf səviyyəsi
xeyli aşağı olan monqollar azərbaycanlıları dövlət idarələrinə cəlb
etməyə, onların mədəniyyət və həyat tərzini qəbul etməyə məcbur oldular.
Bələliklə, monqollar nəinki Azərbaycan mədəniyyətinə və dilinə təsir
göstərə bilmədilər, əksinə özləri tezliklə assimilyasiyaya uğrayıb,
yerli əhaliyə qarışdılar.
Məlum olduğu kimi, XI-XII əsrlər Azərbaycan yazılı ədəbiyyatı əsasən
fars, qismən də ərəb dilində yaranmışdır.XII əsrdə farsdilli ədəbiyyat
ideya-bədii dəyəri baxımından son dərəcə yüksək zirvəyə qalxsa da,
təbiidir ki, savadsız və fars dilini bilməyən geniş xalq kütlələri onun
nailiyyətlərindən bəhrələnə bilməzdi. Bu ədəbiyyatdan ancaq fars dilini
bilən feodal hakimləri və əyanları, həmçinən şəhər əhalisinin bəzi
təbəqələri (tacirlər,rühanilər,sənəykarlar,məmurlar və s) istifadə edə
bilərdilər.Təsadüfi deyil ki, şahlara baş əyməyən bəzi böyük şairlar
istisna olmaqla, farsca yazan müəlliflərin əksəriyyəti özlərinini
ədəbiyyat və incəsənətin hamisi sayan feodal hakimlərinin saraylarında
yaşayırdılar. Saraya yol tapmayan şairlər çox çətinliklə yaşamaq üçün
vəsait qazana bilirdilər. Buna görə də XI-XII əsrlərdə yaranan farsdilli
ədəbiyyatın böyük bir hissəsini saray ədəbiyyatı, şahları, sultanları
tərifləyən mədhiyyələr təşkil edirdi.
Qeyd etmək lazımdır ki, anadilli yazılı ədəbiyyatımızın yaranması heç də
birdən-birə baş verməmiş, uzunmüddətli və təkamüllü bir inkişaf yolu
keçmişdir. Bu ədəbiyyatın formalaşmasının səciyyəvi xüsusiyətləri və
ərəb-fars poeziyasının ona təsiri məsələləri ədəbiyatşunaslığımızda
ətraflı danışmalı olacağıq.
Yazılı ədəbiyyatdan əvvəl Azərbaycan dilində çox zəngin şifahi xalq
ədəbiyyatı nümunələri yaranması faktı təkzibedilməzdir. Bunu həm
“Kitabi-Dədə Qorqud” dastanı, həm də görkəmli türk xalqlarının ümumi
abidəsi sayılan “Divani-lüğət it-türk” əsərindəki çoxlu misra və beytlər,
nəğmələr, epik məzmunlu parçalar təsdiq edir. Sözsüz ki, bu qüvvətli
folklor ədəbiyyatı türkdilli yazılı poeziyamızın yazılması və
formalaşmasına təsir göstərməyə bilməzdi.
Azərbaycan şerində dəqiq qafiyə sisteminin yaranmasında da ərəb-fars
şerinin təsiri az olmamışdı. Qədim türk yazılarında, yuxarıda deyildiyi
kimi, qafiyənin misralar daxilində eyni samit səslərin təkrarınından
yaranan alliterasiya, həmçinin sait səslərin təkrarını nəzərdə tutan
assonas hadisələri əvəz edirdi. Bununla yanaşı, həmin abidələrdə
sətirlərin axırında qafiyə yaratmaq meylləri də get-gedə güclənirdi.
Bunu “Kitabi-Dədə Qorqud” dastanında aydın görmək olur. Ancaq dəqiq
qafiyə sisteminə əsaslanan ərəb-fars poeziyasının təsiri Azərbaycan
şerinin dəqiq qafiyəyə keçməsi prosesini xeyli sürətləndirirdi. Əgər
əruz vəzni folklor şerimizə çox az sirayət etmişsə, dəqiq qafiyə
növlərindən Azərbaycan şifahi xalq şerində də çox geniş, lakin yaradıcı
sürətdə istifadə olunurdu.
Klassik dövr poeziyamızın əsasını şifahi xalq ədəbiyyatından alan məcaz
və bədii ifadə vasitələri sistemi də ərəb-fars poetik fiqurları ilə daha
da zənginləşdi. Janr baxımından isə türkdilli yazılı ədəbiyatımız
ərəb-fars şerindən məsnəvi, qəsidə, qəzəl, rubai, qitə və s. şer
şəkillərini mənimsəmişdir. Ərəb-fars sözlərindən Azərbaycan şerinin
qafiyə imkanlarını genişləndirmək məqsədilə də istifadə olunurdu. Bu
baxımdan ilk azərbaycan yazılı abidələrinin dilinin klassik Azərbaycan
poeziyyasının ən yüksək zirvəsi olan XVI əsr şerinin dili ilə müqayisəsi
çox səciyyəvidir.Əgər Həsənoğlunun
Hecəsən,gəl,ey yüzü ağım bənim!
Sən əritdin odlara yağım bənim.
bəytinin leksikasını yalnız doğma Azərbaycan sözləri təşkil edirsə,
Füzulinin aşagıdakı misralarında bunun əksini görürük:
Mey nəfyəni eyləyir şüar, ey vaiz,
Tutdun rəhi-təni-eşqi-yar, ey vaiz!
Göründüyü kimi, burada “tutdun” felindən başqa, beytdə işlədilən leksik
vahidlərin hamısı ərəb-fars sözlərindən ibarətdir.
XIII-XIV əsrlərdə Azərbaycan dilində yazılmış bir sıra əsərlərdə tez-tez
vəzh və qafiyə pozğunluqlarına rast gəlinir. Bu haqda “Dastani-Əhməd
Hərami” poemasının tədqiqatçıları yazırlar: “Dastani-Əhməd Hərami” dil
və üslubca əski abidələrlə, daha çox isə “Kitabi-Dədə Qorqud” ilə
yaxından səsləşir. Məsnəvi əruzun həzəc bəhrindədir.
Azərbaycan dilində yazılmış və bizim dövrümüzədək saxlanılmış ilk
qəzəllər İzzəddin Həsənoğluya məxsusdur. XIII əsrin ikinci yarısında
Əsfəraində yazılıb-yaratmış bu görkəmli sənətkarın hələlik üç qəzəli üzə
çıxarılmışdır.Şairin Nizami qəzələrindən birinə nəzirə yazdığı və məzmun
dərinliyi, forma kamilliyi ilə seçilən
Apardı gönlümü bir xoş qəməruz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahid-sərvər
-mətləli qəzəlində açıq-aşkar iki bədii mənbənin-klassik farsdilli
poeziyamızın və türkdilli şifahi xalq yaradıcılığın təsiri hiss olunur.
XIII əsrdə Azərbaycan dilində yaranmış qiymətli abidələrdən biri də
“Dastani-Əhməd Hərami” poemasıdır. Bu poema Azərbaycan dilində yazılmış
ilk məsnəvidir.Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd
Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı
konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam
edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə,
ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara
qarşı isə yüksək məhəbbət vardır.
XIII əsrin sonlarından ölkədə başlayan nisbi sakitlik Azərbaycan
xalqının ictimai-iqtisadi həyatında olduğu kimi, ədəbiyyatında da
canlanmaya və onun daha sürətli inkişafına səbəb oldu. XIV əsr
Azərbaycan ədəbiyyatı tarixində həyatı daha geniş əks etdirən epik
janrının çiçəklənməsi dövrüdür. Bununla yanaşı, mövcud həyatdan
narazılıq, məyusluq və ümüdsizlik meylərinin güclənməsi dövrün
ədəbiyyatında da öz əksini tapır, bəzi şair və alimlərin sufi-panteist
və hürufilik ideyalarına meyl etməsinə səbəb olur. XIV əsr Azərbaycan
şairlərinin əksəriyyətinin yaradıcılığında sufi və hurifilik fəlsəfi
nəzəriyyələrin bir çox mütərəqqi cəhətləri və ideyaları öz əksini
tapmışdır. Bu dövr ədəbiyyatın ən mühüm xüsusiyyətlərindən və aparıcı
istiqamətlərindən biri Nizami məktəbinin qiymətli ənənələrinin–humanizm,
insana məhəbbət, cəməyyətdəki eyiblərin tənqidi və b. Motivlərin davam
və inkişaf etdirilməsi idi. Lakin şerdə nəsihətçilik, didaktik-tərbiyəvi
motivlər siyasi-ictimai amillərin təsiri ilə fəlsəfi boyalarla
tündləşir,sufi-panteistik formalarda təzahür edirdi.
Romantik-lirik poema olan “Dəhnamə” əsərində iki gəncin eşq sərgüzəşti,
təmiz məhəbbəti təsvir olunur. Şair göstərir ki, insan öz məqsədinə
çatmaq üçün tələsməli, ruhdan düşməməli, uzun müddət əzab-əziyətlərə
dözməlidir. Real insan sevgisini tərənnüm edən bu əsərin yığcam forması,
lirik vüsəti və başqa bədii keyfiyyətləri “Dəhnamə” janrının sonrakı
əsrlərdə də Şərq poeziyasında davam etdirilməsinə səbəb olmuşdur.
XİV əsrdə Nizami ədəbi məktəbinin humanizm, dostluq və məhəbbət
ideyalarını yeni şəkildə davam və inkişaf etdirən ən görkəmli şairlərdən
biri də Şəmsəddin Məhəmməd Əssar Təbrizi (1325-1390) olmuşdur. Gözəl
astronom, görkəmli ədəbiyyatşünas və mahir bir şair olan Əssar lirik
şerlərində və bütün Yaxın Şərqdə tanınan “Mehr və Müştəri” poemasında
irəli sürdüyü hümanist ideyalar və demokratik fikirlər baxımından sələfi
Nizamiyə və müasiri Əvhədiyə çox yaxındır.
XIV əsrin başqa bi tanınmış şairi Arif Ərdəbili “Fərhadnamə” poemasını
bilavasitə Nizaminin “Xosrov və Şirin” əsərinin təsiri ilə yazmışdır.
Arifin poemasında Fərhad və Şirin haqqında Azərbaycanda yayılmış şifahi
xalq ədəbiyyatı motivləri üstünlük təşkil edir. Şirin və Xosrov
sürətləri isə burada Nizaminin poemasına nisbətən çox zəif verilmişdir.
Arif həyatiliyə, reallığa daha çox meyl edir. Nizamidən fərqli olaraq,
o, ciddi ictimai, fəlsəfi ümumiləşdirmələr yolu ilə getmir, əsərindəki
surətləri adi insanlar səviyyəsinə endirir.
XIV əsr anadilli poeziyamızda yaranan epik əsərlər arasında Sulu Fəqihin
“Yusif və Züleyxa”, Yusif Meddahın “Vərqa və Gülşah” poemaları xüsusi
yer tutur. ”Yusif və Züleyxa” poemasının mövzusu Tövrat və Qurandan
alınsa da, əsərdəki bir sıra motivlər xalq ədəbiyyatı və folklorla
səsləşir.
XIV əsr Azərbaycan poeziyasında lirika janrı da mühüm yer tutur. Bu
janrda yaranmış əsərlər də bir tərəfdən, XII-XIII əsrlər yazılı
ədəbiyyatın, digər tərəfdən isə şifahi xalq yaradıcılığın təsiri altında
inkişaf edirdi. Bununla yanaşı, bu dövrdə çox geniş yayılmış
sufi-panteist cərəyanlar, xüsusilə hürufilik tərəqəti lirik şerlər yazan
şairlərin də elmi-fəlsəfi görüşlərində silinməz izlər buraxmışdır. Ona
görə də bu şairlərin fəlsəfi lirikasında feodal zülmünə, soyğunçu
müharibələrə, ədalətsizliyə etiraz motivləri öz bədii ifadəsini mistik
formada tapır.
Lirik janrda yazan sufi şairlər sırasında XIII əsrin axırı XIV əsrin
əvvəllərində yaşayan Nəcməddin Əbubəkir Zərkub Təbrizini və onun müasir
Hümam Təbrizini də göstərmək lazımdır. Əgər birinci şairin
yaradıcılığının ideya mənbəyi Nizami lirikası ilə bağlı idisə,ikincisi
bəyük məharətlə Sədi qəzəllərini təqlid edir.
Farsca yazan şairlər arasında epik şerdə olduğu kimi,lirika janrında da
marağalı Əvhədinin əsərləri öz xəlqiliyi və humanist ideyaları ilə
seçilirdi. Onun qəzəl, qəsidə, rubai və tərcibəndlərdən ibarət olan
lirik şerlər divanında ictimai-fəlsəfi, əxlaqi fikirlər əsas yer tutur.
Bu şerlərdə dövrün ağrılarından, hakimlərin ədalətsizliyindən doğan
dərin ictimai kədər, insanları gözəlliyə və səadətə çağırış sədaları
hiss olunur, dünyəvi məhəbbət insanı həyata bağlayan nəcib bir hiss kimi
təsvir edilir.
XIV əsr Azərbaycan poeziyasında ikidillik-yəni həm fars, həm də
Azərbaycan dillərində şer yazmaq ənənənəsi də davam edir. Görkəmli şair
və sufi filosof Şah Qasım Ənvar(1356-1434) bir sıra qəzəllərini həm
Azərbaycan həm də fars dillərindən istifadə etməklə yazaraq, sanki bu
ədəbi hadısənin simvolik formasını yaratmaq istəmişdir. Ənvarın istər
divanında toplanan fars və Azərbaycan dilində yazdığı şerlər, istərsə də
“Ənis-ül-arifin” əsəri mahiyyət etibarilə sırf ürfani-fəlsəfi məzmun
daşıyır. Dövrünün sultanlarından qorxmayan şair öz şerlərində, həmçinin
sufi təlimində insanları qardaşlığa və bərabərliyə çağırırdı.
Əbdürrəhman Caminin yazdığına görə, Şah Qasım Ənvarın müridləri islam
dini ehkamlarına etinasız yanaşır və bərabərlişdirici cəmiyyət ideyaları
yayırdılar.
XIV əsrdə doğma ana dilində yazıb-yaradan şairlər içərisində görkəmli
ədib və dövlət xadimi Qazi Bürhanəddinin əsərləri xüsusi yer tutur. Qazi
Bürhanəddinin əsərləri həm insanpərvərliyi, nikbinliyi, mənəvi əxlaqi
keyfiyyətləri, həm də forma, bədii dil baxımından orta əsrlərin
sxolastik şer normalarına zidd idi. Onun ruhoxşayan cazibədar şerlərində
xalq yaradıcılığına məxsus bir gözəllik, səmimiyət və təravət vardır.
Şairin lirik qəhrəmanı öz mənəviyyatını, etibarlı, sədaqəti, həyatı,
gözəlliyi duyması, mənliyini, vüqarını yüksək tutması ilə seçilir.
XIV əsrin sonlarında Azərbaycan yeni bir dəhşətli istilaya-Teymurləng
istilasına məruz qalır.Ancaq 1405-ci ildə,bu amansız fatehin ölümündən
sonra,onun sağ qalan iki oğlu və on yeddi nəvəsi arasında hakimiyyət
uğrunda gedən daxili müharibələr Azərbaycan feodallarına ölkənin
istiqlaliyyətini bərpa edib, öz müstəqil hakimiyyətlərini yaratmağa
imkan verdi.Azərbaycanın şimalında müstəqil Şirvanşahlar,cənubda
Qaraqoyunlular,daha sonra isə(1467-ci ildən) Ağqoyunlular dövlətləri
yarandı.Yaranmış vəziyyət ölkənin iqtisadi cəhətdən bir qədər dinc
inkişafına,təsərrüfatın bərpasına,elmin və mədəniyyət yüksəlməsinə kömək
etdi.İncəsənətin müxtəlif sahələrində,xüsusilə rəssamlıq və memarlıqda
müəyyən nailiyyətlər qazanılır.Böyük şəhərlərdə elmin müxtəlif
sahələrində fəaliyyət göstərən yeni ziyalılar nəsli yetişir.
XV əsr Azərbaycan ədəbiyyatı tarixində türkdilli poeziyanın daha da
inkişafı və çiçəklənməsi dövrüdür.Yerli Azərbaycan feodal dövlətlərinin
yaranması,bu dövlətlərin Azərbaycan dilinə əhəmiyyət verməsi ədəbiyyatda
da öz əksini tapır.Poeziyada Şərq şerinin bütün nəvlərini əhatə edən bir
çox lirik və epik əsərlər meydana çıxır.Məhz bu dövrdən etibarən
Azərbaycan ədəbiyyatında məhəbbət lirikası üstünlük təşkil etməyə
başlayır.
Məhəbbət məfhumundan hakim təbəqələrin mənafeyini müdafiə edən və
feodal-ruhani görüşlü şairlərdə geniş istifadə edirlər.Lakin onlar
bəşəri məhəbbəti ilahi məhəbbətlə,daha sonralar isə “dinə və din
xadimlərinə olan məhəbbətlə” əvəz edirdilər.
Qaraqoyunlular dövlətinin banisi Qara Yusifin oğlu mirzə Cahanşah
Həqiqi(1397-1467) bacarıqlı bir dövlət xadimi olduğu kimi,istedadlı şair
kimi də şöhrət qazanmışdır.Onun Divanı Azərbaycan və fars dillərində
yazdığı qəzəl və rübailərdən ibarətdir. Şerlərindən görünür ki, şairin
dünya görüşünün və sənətkarlıq xüsusiyyətlərinin formalaşmasında Nəsimi
şerinin böyük təsiri olmuşdur.
Bu dövrdə epik əsərlər yaratmaq ənənəsi də davam edir. Nizami
“Xəmsə”sinin təsiri ilə fars dilində yazılan poemalarla (Əşrəfin “Xəmsə”,
Salim Təbrizinin “Leyli və Məcnunu” əsərləri) yanaşı,Azərbaycan dilində
də bir neçə epik əsərlər yaranır.Azərbaycan şairləri Şərqdə geniş
yayılmış “Yusif və Züleyxa” mövzusuna daha çox müraciət edirlər.Bu
mövzuda yazan şairlərdən Xətai Təbrizi,Şəms,Xəlifə Təbrizi və Salim
Təbrizini göstərmək olar.
Bütün bu deyilənlər göstərir ki, XV əsrdə Azərbaycan poeziyası keyfiyyət
etibarilə yeni bir pillə qalxır,həm lirika,həm epik şer sahəsində bir
sıra gözəl sənət yaranır. Bununla yanaşı,ölkənin daxilində hakimiyyət
uğrunda gedən mübarizələr və başqa hadisələr poeziyanın inkişafına mənfi
təsir göstərir, onun vüsətinin məhdudlaşdırırdı.
XV əsrin ikinci yarısında Azərbaycanda feodal dövlətlərinin zəifləməsi,
feodal pərakəndəliyinin və ara müharibələrinin güclənməsi müşahidə
olunur. Xalq kütlələrinin antifeodal hərəkatı genişlənməkdə idi. Bu
hərəkat obyektiv əhalinin daxili müharibələrdə və feodalların
özbaşınalığına son qoymaq, mərkəzləşmiş qüvvətli dövlət yaratmaq
tələbatını əks etdirirdi.
XVI əsrin əvvəllərində ölkədə vahid Azərbaycan dövləti qurmaq üçün
əlverişli şərait yaranmışdı. Bu şəraitdən bacarıqla istifadə edən
Səfəvidlər sülaləsi XVI əsrin əvvəllərindən hakimiyyəti öz əllərinə alıb,
qüdrətli vahid Azərbaycan dövləti yaratmağa müvəffəq oldular. XVI əsr
Azərbaycan poeziyası bundan qabaqkı əsr şerinin mütərəqqi ənənə və
meyllərinin bilavasitə davamı və daha yüksək mərhələsi kimi meydana
çıxır. Sənətkarlığın, xüsusilə şer texnikasının son dərəcə güclənməsi,
zəngin, çoxcəhətli obrazların yaranması, fəlsəfi fikrin, dünyəvi
ideyaların və ictimai motivlərin daha da inkişafı bu dövr poeziyasının
başlıca cəhətləridir. Səfəvilər dövlətinin Azərbaycan dilinidə dövlət
dili kimi istifadə etməsi, xüsusilə bu dövlətin banisi Şah İsmayılın öz
ana dilində gözəl şerlər yazması poeziya sahəsində də Azərbaycan dilinin
hakim mövge tutmasını təmin edir.
XVI əsrdə Azərbaycan xalqının başqa türk xalqları ilə ədəbi əlagələri
genişlənir. Hələ XV əsrin ikinci yarısında özbək intibah mədəniyyətinin
qüvvətli təzahürü və Nəvai ədəbi məktəbinin geniş şöhrət tapdığı zamanda
herata gələn azərbaycanlı şairlər Səfəvilər dövründə vətənə qayıtdıqdan
sonra öz əsərlərində özbək mədəniyyətinin nailiyyətlərindən , Nəvai
irsindən bacarıqla istifadə edirdilər. Bələ şairlərdən Ziyayi, Xülqi,
Allahi, Bəsərini göstərmək olar.
Bütün bu yuxarıda deyilənlər aydın göstərir ki, XIII-XVI əsrlər
Azərbaycan poeziyası özünəməxsus spesifik, mürəkkəb bir inkişaf yolu
keçərək yüksək təkamül nöqtəsinə çatmışdır. Əgər farsdilli poeziyamız
hələ XII əsrdə Nizami dühası ilə öz yüksək inkişaf zirvəsinə çatmışdırsa,
ana dilli şerimiz həmin səviyyəyə XVI əsrdə Füzuli sənətinin qüdrəti ilə
yüksəlmişdir. XIII-XV əsrlər Azərbaycan şeri özünə məxsus bütün
xüsusiyyətlərinə baxmayaraq, əsasən klassik farsdilli poeziyanın
təcrübəsini münimsədiyi halda, XVI əsrdən etibarən bu ədəbiyyat öz milli
çərçivəsində kənara çıxmağa və artıq Yaxın Şərq xalqrarının şer sənətinə
təsir göstərməyə başlayır. Əgər bu ədəiyyat öz kenetik kökləri ilə qədim
türk xalqrarını şifahi xalq yaradıcılığı ilə,rabitə əlaqəsi ilə isə
Yaxın Şərq xalqları ədəbiyyatı ilə bağlı idisə, tipoloji baxımdan
İntibah mədəniyyətinə uyğun gəlirdi. Məhz bu xüsusiyyətlərinə görədir ki,
orta əsrlər Azərbaycan poeziyası bu gün belə öz ecazkar təsir qüvvəsini,
gözəllik və təravətini itirməmiş, sovet adamlarının ideya-estetik
tərbayəsində mühüm rol oynamaqdadır. |