|
AZERBAYCAN
SEMKIR
TARIX
MELUMAT
FOTOLAR
GALLERY
ELANLAR
ANASEHIFE
Eziz sayt ziyaretcileri saytda gormek
istediyiniz movzulari yaza bilersiz.
sistepe@yahoo.com
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR
ReklamlaR

| |
31 MART SOYQRIMI
|
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi
keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun
illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır,
təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz
siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış
səhifələrindən biridir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri
Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin
əsasını qoydu. Azərbaycan xalqının bu milli faciyəsinin davamı kimi onun
torpaqlarının zəpti başlandı. Qısa bir müddətdə bu siyasəti
gerçəkləşdirəcək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına
köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının
işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan
ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil
etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «erməni
vilayəti» adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular.
Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz
torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu.
«Böyük Ermənistan» ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma
dövlətin Azərbaycan torpaqlarında yaradılmasına «bəraət qazandırmaq
məqsədilə» erməni xalqının tarixinin saxtalaşdırılması yönəlmiş geniş
miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın
tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini
təşkil edirdi.
«Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları
1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı
qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan
vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan
kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan
edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu
hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün
hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların
mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını
pərdələmişlər.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və
oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz
iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.1918-ci
ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı
altında Bakı Komunası tərəfindən ümumən Bakı quberniyasının
azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata
keirilməyə başladı. Həmin gənlərdə ermənilərin törətdikləri cinayətlər
Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc
azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir.
Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli
memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər
abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda,
Zəngəzurda, Naxçıvanda, Lənkaranda və Azərbaycanın başqa bölgələrində
xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali
kütləvi surətdə qətlə yetirilmişdir, kəndlər yandırılmışdır, milli
mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart
hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il
iyulun 15-də bu faciənin tədqiqi məqsədilə fövqəladə istintaq
komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart
soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan Quberniyası
ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya
ictimayyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi
nəzdində xüsusi qurum yaradıldı. 1919 və1920-ci ilin mart ayının 31-i
ilk dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü
kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən
soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı
proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhti idi. Lakin,
Azərbaycan Xalq Cumhuriyyətinin süqutu bu işin başa çatmasına imkan
vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən
ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını
Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki
azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək
məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər
Sovetinin 23 dekabr 1947-ci il «Ermənistan SSR-dən kolxozçuların və
başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür –Araz ovalığına
köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü illərdə
azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə
deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən
e’tibarən Azərbaycan xalqına qarşı kəskin mə’nəvi təcavüz kampaniyasına
başladılar. Keçmiş Sovet məkanında müntəzəm şəkildə yayılan kitab,
jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin,
me’marlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub
olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün
dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də
güclənirdi. «Yazıq, məzlum erməni xalqı»nın surətini yaradaraq əsrin
əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur,
azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi
qələmə verildi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və
Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımızın tə’qiblərə mə’ruz
qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər
tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər
törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan
kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli
görünməyən qədim toponimlərin müasir adlara əvəzolunma prosesi baş verir.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda
böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır.
Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və
mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni
ideologiyasının tə’qiblərinə mə’ruz qalır.
Azərbaycan xalqının mə’naviyatına, milli qüruruna və mənliyinə yönəlmiş
böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı.
Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi
qiymətini tapmadığı üçün tarixi faktlar Sovet mətbuatında ermənilər
tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin
Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin
ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan
Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin
mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu
və buna heç bir siyasi qiymət verilmədi. Azərbaycan Dağlıq Qarabağ
Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında
ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu
vilayyəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycan tabeliyindən
çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi
aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada
keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasətli qətiyyətlə
pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz
elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən
xalq hərakatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə
azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə
məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli
görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu
qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması,
şəhərin yerlə yeksən edilməsi ilə qutardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist
hərakatın nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni
qəsibkarları öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda
yaşamağa məhrum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı
qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş,
xəsarət almışdır.
Azərbaycan¬ XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının
zəbti ilə müşayit olunaraq, ermənilərin azərbaycanlılara qarşı
düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə
–1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu
gün onun axıra qədər həyata keçirə bilmədiyini qərarların məntiqi davamı
olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü
kimi qəbul edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd
etmək məqsədilə QƏRARA ALIRAM:
1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki,
azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi
sesiyanın keçirilməsi məsələsinə baxsın.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 mart 1998-ci il |
|
|
|
|
XOCALI SOYQRIMI
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı
soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq
tarixinə düşmüş qanlı olaydır.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahli qüvvələri,
Azərbaycan Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin
Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının
balavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini
zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.
Xocalı işğalı zamanı bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın,
70 qoca yalnız azərbaycanlı olduğuna görə, xüsusi amansızlıqla, işgəncələrlə
öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların
qarınları süngü ilə deşik-deşik edilmişdir.
Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda dağlıq
Qarabağa ermənilərin qeyri-qanuni rejiminin “müdafiə naziri”dir) komandanlığı
altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü
batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda
xidmət edən 50-dən artıq erməni millətindən olan zabit və praporşiklər iştirak
etmişdir.(“Xocalının işğalına dair istintaq materiallarından”)
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən
xüsusi düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial”
hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda
qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə
məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o
cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza
zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin
ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür.
Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə
almışdır.
Xocalı soyqırımı şahidlərin ifadələrindən:
Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb
ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır.
Heydərov Camal Əbdülhüseyn oğlu-“Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın
2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyidi var idi.
Heydərov Şahin Zülfuqar oğlu-Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın
meyid görüb. Meyidlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir.Mills
mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə
yetirilənlər arasında olmuşdur.
Hümbətov Cəlil Hümbətəli oğlu-Ermənilər onun gözü qarşısında həyat yoldaşı
Firuzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.
Paşayeva Kübra Adil qızı-Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə
düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşaev Şura Tapdıq oğlu, oğlu
Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.
Əhmədova Xəzəngül Təvəkkül qızı-Xocalı işğal olunan zaman erməni silahlıları
onun ailəsini bütünlüklə girov götürmüşlər. Ermənilər Xəzəngülün anası Rayanı, 7
yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə
benzin tökərək yandırmışlar.
Əliyeva Zoya Əli qızı-150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın
yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.
Mustafaeva Kübra Əliş qızı-“Ermənilər bizi girov götürən kimi yanımdakı altı
nəfəri yerindəcə güllələmişlər”
Kərimova səidə Qurban qızı-“12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər
qızımı Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürdülər”
Nəcəfov Əli Ağami oğlu-“Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri
yerindəcə güllələdilər”.
SOYQRIM
XIX əsrin əvvəllərində çar Rusiyası (İran və Rusiya arasında Azərbaycan
ərazilərinin bölüşdürülməsinə dair 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay
müqaviləsi imzalandıqdan sonra) qədim Azərbaycan torpaqlarında bufer zona
yaratmaq məqsədi ilə “erməni dövləti” qurmaq planını həyata keçirməyə
başlamışdır. Hələ 300 il əvvəl gələcək imperiyanın konturları barədə düşünən rus
imperatoru I Pyotr Cənuba göndərdiyi qasidlərə tapşırmışdı: “onları (erməniləri)
tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı
olsun.”
Bu məqsədlə İran və Türkiyə ərazisində yaşayan 300 minə qədər erməni XIX əsrin
birinci yarısında Azərbaycana köçürülmüş və İrəvan (indiki Yerevan), Dağlıq
Qarabağ, Naxçıvan, Zəngəzur, Mehri, Dərəlyəz, Qafan, Ordubad, Vedibasar və digər
ərazilərdə yerləşdirilmişdir.
Lakin ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrinə baxmayaraq,
azərbaycanlılar bu ərazilərdə sayca ermənilərdən üstünlük təşkil edirdi. Məsələn,
1886-cı ildə Gəncə quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən yalnız 81-i
erməni kəndi olmuşdur. İrəvan qəzasında əhalinin 66 faizi azərbaycanlı, 34 faizi
isə ermənilərdən ibarət idi. Bu ərazilərdə ermənilərin çoxluq təşkil etməsi
məqsədilə azərbaycanlılara qarşı soyqırım siyasətinə əl atılmış, ermənilər çar
Rusiyası tərəfindən gizli silahlandırılaraq, hərbi dəstələr yaradılmışdır.
İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi
çıxarılması, dinc əhaliyə qarşı zorakılıq, vəhşiliklər Rusiya hökümətinin
himayəsi və köməyi ilə XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə
xüsusi vüsət almışdır.
Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində
yüzlərlə kənd yandırılmış, əhali, uşaqdan-böyüyə qədər amansızcasına qətlə
yetirilmişdir.
1918-1920-ci il hadisələri, mart soyqırımı
1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik
Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir.
Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək niyyətlərini erməni daşnaklarının
silahlı qüvvələrinin köməyi ilə həyata keçirmişlər. Martın 31-də Bakı şəhərində
azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə,
dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni
zamanda “Daşnaksütyun partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə
azərbaycanlıların yaşadıqları məhəllərə qəflətən basqınlar etmiş, əhalini
uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner
familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır:
“Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür,
qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün
sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları
kəsilmiş, qarınları yırtılmış, yaşlılara da rəhm etməmişdilər.”
Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın
zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı,
ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur.
Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları
kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadının meyidi tapılmışdır. Gənc
qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan
əhalini gülləboran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində
əvvəlcədən pulemiyotlar yerləşdirmişdilər.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə
azərbaycanlıların qırğının fəal iştirakçılarından biri-erməni zabiti Ovanes
Apresyan özünün “İnsanlar belə imiş adlı memuarlarında ermənilərin ingilislər və
Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart
qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır.
Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da
azərbaycanlıların qırğını törədilmişdir.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə
yetirilmişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri
yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış,
əhalisi məhv edilmişdir.
1918-ci ilin aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və
yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son
nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Naxşıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur
qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196
uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya
şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş,
kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra
Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində
150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir. (ADR höküməti, Fövqəladə İstintaq
Komissiyasının materiallarından)
1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12
mindən çox azərbaycanlı qətlə yetirilmişdir
|